Mübariz İbrahimov kimdir?
Milli qəhrəman Mübariz İbrahimov kimdir?
Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci ildə fevral ayının 7-də Biləsuvar rayonu, Əliabad kəndində anadan olmuşdur. 1994-2005-ci illər ərzində orta təhsilini Əliabad kəndində başa vurduqdan sonra hərbi xidmətə yollanmışdır. Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə xidmət edən İbrahimov 2007-ci ildə çavuş rütbəsində hərbi xidməti başa vurub. O, 2009-cu ildə yenidən öz istəyi ilə cəbhə bölgəsində gizir rütbəsində xidmət göstərməyə başlamışdır.
O, deyirdi, “Mən yolumu seçmişəm. Əgər mən düşməndən ürəyimcə qisas almasam, elə bilərəm ki, Allahım da, valideynlərim də məni heç bir zaman bağışlamaz. Vətənin azadlığı üçün qurban lazımdırsa, biri mən…”
Şəhidlik yenilməzlik əlamətidir. Mübariz işğal altında olan Vətən torpaqlarımızın, boynu bükük dağlarımızın, məlul baxışlı meşələrimizin, dili kilidlənmiş bulaqlarımızın həsrətini çəkirdi. Dözə bilmirdi bunlara. Sözünün əvvəli də, axırı da Vətən idi. O, öz vətənini qorumağı və şəhid olmağı bir övlad kimi şərəf borcu bilirdi.
Mübariz İbrahimov şəhid oldu
19 İyun 2010-cu ildə saat 23:30 radələrində heç kimə xəbər vermədən gedən Mübariz İbrahimov arxasında “Şəhid olsam, üzülməyin. Vətən sağ olsun” yazılı bir məktub buraxdı. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edir, sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür və səhər saatlarında qeyri-bərabər döyüşdə şəhid olur.
Mübariz ona qoyulan adı doğrultdu. Öz adının möhtəşəmliyini, ulu vətənin və torpağın yaddaşına yazılan əbədiyaşarları zamanın küləkləri, tufanları heç vaxt silə bilməyəcək. Mübariz üçün Vətən hər şeydən üstün, hər şeydən qiymətli, hər şeydən uca idi. Hər dəfə sevgidən söz düşəndə deyərdi ki, mənim vurğunu olduğum Vətəndir! Vətən torpağı düşmən tapdağındadır, nəfəsiniz işğalı sona yetirməlidir.