Sahil Babayev “Yüksəliş” müsabiqəsi ilə bağlı müraciət edib
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi fevralın 2-nə kimi davam edir.
“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əmək bazarında yüksəlmək istəyən peşəkarlara dəvət ünvanlayıb.
Sahil Babayev “Yüksəliş” müsabiqəsi haqqında insan kapitalının inkişafı məqsədilə Azərbaycan hökumətinin başladığı növbəti təşəbbüs olduğunu, bu təşəbbüsdə yüksək intellektual zəka və sosial məsuliyyət sahibi olanların uğur qazandığını bildirib.
Sahil Babayev “Yüksəliş” müsabiqəsi ilə bağlı etdiyi müraciətdə deyir:
“Yüksəliş” müsabiqəsi əmək bazarında yüksəlmək istəyən hər bir peşəkar üçün irəliyə doğru böyük bir addımdır. Bu baxımdan müsabiqənin hər mərhələsi yeni imkanlar yaradacaq. «Yüksəliş» ilkin seçim mərhələlərindən uğurla keçən yarımfinalçılara peşəkarlarla görüşmək, finalçılara şəxsi inkişaf planları əldə etmək, qaliblərə isə idarəçi rəhbərlərlə çalışmaq imkanı qazandıran müsabiqədir.
“Yüksəliş” müsabiqəsi insan kapitalının inkişafı məqsədilə Azərbaycan hökumətinin başladığı növbəti təşəbbüsdür. Bu təşəbbüsdə yüksək intellektual zəka və sosial məsuliyyət sahibi olanlar uğur qazanır. Müasir əmək bazarının əsas tələblərindən olan innovativlikləri tətbiq edən, dəyişikliklərə hazır olan və bu yanaşmaları öz fəaliyyət sahəsinə gətirməyi bacaranlar qalib olur. Bu müsabiqənin iştirakçılarında həm də qərar qəbuletmə bacarığı, işin bölüşdürülməsi, risk və böhranın idarə edilməsi bacarıqlarına diqqət yetirilir. Strateji düşünənlər, komandada ilə işləməyi bacaranlar, büdcəni idarə edə bilənlər peşəkarlarla görüşmək, şəxsi inkişaf planları əldə etmək, hətta idarəçi rəhbərlərlə çalışmaq imkanı əldə edirlər. Nəticədə yaşından, ixtisasından, fəaliyyət göstərdiyi sahədən, dövlət, ya da özəl strukturda çalışmasından asılı olmayaraq “Yüksəliş”ə qatılan hər şəxs tələb olunan kadr ehtiyatının inkişafı proqramında iştirak edib, ölkənin gələcəyini quracaq şəxslərdən birinə çevrilir.
“Yüksəliş”ə qoşulun, “Yüksəliş” sizinlə başlasın!