Sahil Babayev Sebastyan-İoan Burdujanı DOST mərkəzi ilə tanış edib
Rumıniyanın energetika naziri, Azərbaycan və Rumıniya hökumətləri arasında kommersiya-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Sebastyan-İoan Burdujanın rəhbərlik etdiyi nümayəndə heyəti səfəri çərçivəsində 1 saylı DOST mərkəzində olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST konsepsiyası barədə nümayəndə heyətinə ətraflı məlumat verib. Nazir Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Sərəncamı ilə indiyədək 7 DOST Mərkəzi açılıb. Vurğulanıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu konsepsiya ilə vətəndaş məmnunluğuna uyğun olaraq 159 sosial xidmət “bir nöqtədən” şəffaf və funksional şəkildə göstərilib.
Ötən müddətdə DOST mərkəzləri tərəfindən 2,1 milyondan çox vətəndaşa xidmət göstərilib və bu xidmətlərdən məmnunluq səviyyəsinin 98 faizdən yuxarı olduğu bildirilib. Əlavə olaraq qeyd olunub ki, nazirliyin 159 xidmətinin 140-ı, yəni 90 faizdən çoxu elektron mühitə keçirilib.
Bildirilib ki, Azərbaycanın DOST və elektron xidmətlər üzrə təcrübəsi bir çox beynəlxalq mükafatlara layiq görülüb. Bu model bir çox ölkələrin, o cümlədən Rumıniyanın diqqətini cəlb edib və onun həyata keçirilməsinə maraq göstərilib.
Rumıniya nümayəndə heyəti DOST mərkəzində xidmət bölmələri, xidmətlərin göstərilməsi prosesi və vahid koordinasiya mərkəzi haqqında məlumat alıb. Bundan əlavə, qonaqlara DOST konsepsiyası və sosial sahədə elektronlaşma proqramı haqqında təqdimatlar edilib.
Rumıniya nümayəndə heyətinin iştirakı ilə Azərbaycan və Rumıniya hökumətləri arasında Birgə Komissiyanın 8-ci iclası keçirilib və yeni əməkdaşlıq sənədləri imzalanıb.
Bu səfərlər və görüşlər iki ölkə arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək.