Sahil Babayev: “Əvvəllər müharibə əlili olmuş, lakin sonradan sağalmış şəxslərə də birdəfəlik ödəniş edilir”
Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik müavinətin verilməsi mexanizmi humanist yanaşma və ödəniş təminatı proqramının daha geniş əhatə olunması prinsipləri əsasında hazırlanıb.
Bunu mətbuata müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O, bildirib ki, birdəfəlik müavinət təkcə hazırda müharibə əlili statusunda olanlara deyil, I Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan, lakin sonradan sağalmış şəxslərə də verilir.
Eyni zamanda, Birinci Qarabağ müharibəsi əlillərinin vəfat etdiyi halda həmin vəsaitin onların vərəsələrinə verilməsi nəzərdə tutulur. Əvvəllər indiki məbləğdən az alanlara da ödəniş ediləcək.
Nazir qeyd edib ki, ötən dövrdə birdəfəlik ödənişlə təminat proqramının həyata keçirilməsi üçün elektron sistem yaradılıb, müvafiq elektron məlumat bazası formalaşdırılıb. Bildirib ki, birdəfəlik ödənişlər elektron sistem vasitəsilə təşəbbüs əsasında həyata keçirilir və artıq 11 min nəfər bu ödənişlə əhatə olunub.