Sahil Babayev onlayn görüş keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev BƏƏ-nin Azərbaycandakı səfiri Mohamed Alqubaisi ilə onlayn görüş keçirib.

Onlayn görüş zamanı Sahil Babayev ölkəmizin tarixən dini və mədəni köklərlə bağlı olduğu ərəb ölkələri, o cümlədən BƏƏ ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini deyib.

O, Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətləri barədə məlumat verib, ölkədə aparılan siyasətin ana xəttinin vətəndaş rifahının təminatı olduğunu diqqətə çatdırıb. Nazir, respublika əhalisinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı atılan addımları və pandemiya dövründə ölkədə reallaşdırılan iqtisadi və sosial dəstək tədbirlərini, əmək, məşğulluq və sosial müdafiə sahəsində ölkəmizdə son illərdə aparılan islahatları qeyd edib. Dövlət sosial xidmətlərinin innovativ həllərin tətbiqi üzərindən təkmilləşdirilməsi və vətəndaş məmnunluğu prinsipinə uyğun qurulması istiqamətində əldə olunan müsbət nəticələr barədə məlumat verib. BƏƏ-nin Yerli İcmaların İnkişafı üzrə naziri Hessa Buhumaidin ötən ilin iyun ayında Azərbaycana səfəri çərçivəsində onunla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa aid faydalı müzakirələrin aparıldığını deyib.

Onlayn görüş zamanı Sahil Babayev Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirdiyini vurğulayıb. O bu münaqişənin beynəlxalq hüquq normalarına uyğun həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin BƏƏ tərəfindən dəstəklənməsindən, hələ 18 iyun 2018-ci il tarixindən BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi tərəfindən həmin ölkənin vətəndaşlarının Dağlıq Qarabağa siyasi səbəblərə görə səfər etməsinin qadağan edilməsindən məmnunluğunu dilə gətirib. M.Alqubaisinin bu məsələlərdə və ümumən iki ölkə arasında əlaqələrin inkişafında göstərdiyi səylərdən razılığını bildirib.
M.Alqubaisi Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıb. Ölkəsinin Azərbaycana dost münasibəti göstərdiyini və bu əsasda BƏƏ-nin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayan səfir iki ölkə arasında əmək və sosial müdafiə sahəsində ikitərəfli əlaqələrin genişlənməsi üçün də səylərini göstərəcəyini deyib.

Onlayn görüş müddətində Sahil Babayev və M.Alqubaisi İslam Əməkdaşlıq Təşkilatının mənzil-qərargahı Bakı yerləşəcək beynəlxalq statuslu Əmək Mərkəzinin önəmindən bəhs ediblər. Eyni zamanda əmək və sosial müdafiə sahəsində ikitərəfli əlaqələrin inkişafı üçün müqavilə-hüquq bazasının yaradılması və bu istiqamətdə səylərin gücləndirilməsi barədə müzakirələr aparılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close