Sahil Babayev: “Ötən dövrdə 850 minədək vətəndaş DOST xidmətlərindən faydalanıb”
Nazir Sahil Babayev: Ötən dövr ərzində 850 minə qədər vətəndaş DOST xidmətlərindən istifadə edib və bu xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98 faizin üzərindədir.
Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir söyləyib ki, həm də DSMF-də həyata keçirilən, fondun fəaliyyətinin “inzibati yanaşma” modelindən “vətəndaşlara xidmət” modelinə keçidini, şəffaf, əhali üçün daha əlverişli xidmətlərin göstərilməsini, xidmətlərin rəqəmsal və proaktiv təqdim olunmasını təmin edən islahatlar da eyni zamanda beynəlxalq səviyyədə yüksək səciyyələndirilir.
“Fond bu il içərisində Böyük Britaniyanın “iESE – The Public Sector Transformation” Təşkilatının təşkil etdiyi “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsində iştirak edib və “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” ali mükafatına, sosial təminat və innovasiyalar sahəsində səmərəli fəaliyyətinə görə Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatı ilə dəyərləndirilib.
Bu günlər ərzində isə Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının daha bir müsabiqəsində qalib gəlib və “Ən yaxşı mütərəqqi təcrübə” mükafatına layiq görülüb”.