Emin Əmrullayev: “Uşağı xarici dildə təhsilə cəlb etməyin icbari məsuliyyəti yoxdur”

“Azərbaycanda icbari təhsili dövlət Azərbaycan dilində təmin edir”.

Bu sözləri təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, Təhsil Nazirliyi olaraq, hər vətəndaş qarşısında borcları uşaqları təhsilə Azərbaycan dilində cəlb etməkdir: “Heç yerdə uşağı xarici dildə təhsilə cəlb etmək icbari məsuliyyəti, yaxud vəzifəsi var olduğu yazılmayıb. Övladını rus bölməsinə qoymaq istəyən valideynlər tərəfindən də bu düzgün anlaşılmır. Bizdə bəlli sayda rus bölməsində təhsil verən siniflər var və bu say sabitdir. Yenə də müxtəlif bölgələrdə əhalinin sıxlığından asılı olaraq, biz müxtəlif reallıqlarla qarşılaşırıq. Bizim Naftalan şəhərində rus bölməsi sinfində beş nəfər oturur.

Amma əhalinin son dövrlər çox köçdüyü Xırdalan, Masazır kimi yerlərin məktəblərində ənənəvi olaraq rus bölməsi olmayıb. Birdən-birə ora on minlərlə insan köçüb uşaqlarını rus bölməsinə qoymaq istəyəndə rus bölməsinin sayı artmır. Bizim əgər 100 yerimiz varsa, bunu 200 adam istəyirsə, biz yüz nəfərə yox demək məcburiyyətindəyik. Valideyn özünün evinin yanında uşağını Azərbaycan bölməsinə qoya bilər, oxuda da bilər. Bu, onun hüququdur. Amma rus bölməsinə istəyirsə, o uşağını harada yer varsa, ora apara bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close