Rəssam

Arif Ələsgərov kimdir?

Arif Ələsgərov kimdir?

Arif Ələsgərov 18 mart 1944-cü ildə Bakı şəhərində anadan olub. O, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və V.İ.Muxina adına Leninqrad Ali Bədii-Sənaye Məktəbində təhsil almışdır. Arif Ələsgərov  məzunu olduğu Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim, 1977–2001-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim və dosent çalışmışdır. 2001–2008-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında kafedra müdiri vəzifəsində çalışmış və professor elmi adını almışdır. O, 2008-ci ildən Trabzondakı Qaradəniz Texniki Universitetində Rəssamlıq fakültəsinin professoru və kafedra müdiri olmuşdur. 2016-cı ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru olaraq işləyir. O, 1975-ci ildən bəri SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur.

Yaradıclığı

Yaradıcılığında milli dəyərlərin, ədəbi irsin, türkçülük ideyalarının və qədim ənənələrin təbliğatçısı kimi çıxış edir  və özünəməxsus qrafik üsluba malikdir. Onun əsərlərinin əsas mövzusunu Abşeron, Bakı və bakılılar əhatə edir. Rəssamın bir sıra kompozisiyalarının, həmçinin “Ayaqqabıçı”, “Xatirələr”, “Balıqçı” və digər əsərlərinin leymitivini nostalgiya, Bakı mühiti, milli-mədəni köklərə bağlılıq təşkil edir. Onun özünəməxsus ifadə tərzi vardır. Yaradıcılığında “Qocalar-idmançılar” və “Bizim veteranlar” adlı iki böyük silsilə əsas yer tutur.

Arif Ələsgərov yaradıcılığının mövzu və bədii obrazlar dairəsi geniş və müxtəlifdir. Adətən rəssamın mücərrəd yaradıcı təfəkkürü onu  fiqurativlikdən tamamilə azad olan əsərlər yaratmağa təşviq edir. Bu kimi əsərlərdə real aləmin əşya və personajlarına eyham olmur. Onun “Həyatın başlanğıcı”, “Göy qurşağı”, “Röya”, “Köhnə həyət” və digər əsərlərində harmoniya və sakitliyin bir birini izlədiyi gizli daxili aləm öz əksini tapır.

1972-ci ildən bəri Arif Ələsgərov respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısıdır. Onun əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fondu, Moskva Şərq Xalqları İncəsənəti Muzeyində, Parisdəki Azərbaycan Səfirliyində, həmçinin də Polşa, Macarıstan, Yaponiya, İtaliya, Fransa, ABŞ, İngiltərə, Finlandiya, Almaniya, Lüksemburq, Norveç və Türkiyədə şəxsi kolleksiyalarda saxlanılır.

Rəssam “Estamp tarixi və ofort” və “Dizaynda kompozisiya” adlı kitabların müəllifidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close