Sahil Babayev Azərbaycan-Macarıstan biznes forumunda iştirak edib
Azərbaycan və Macarıstan Hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclası çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Macarıstanın İxracın Təşviqi Agentliyinin (HEPA) təşkilatçılığı ilə Azərbaycan-Macarıstan biznes forumu keçirilib. Bu tədbirdə dövlət rəsmiləri və su təsərrüfatı, kənd təsərrüfatı, informatika, səhiyyə, avtomobil sənayesi, əczaçılıq, tikinti və maliyyə kimi müxtəlif sektorlarda fəaliyyət göstərən 50-dən çox şirkət bir araya gəldi.
Biznes forumun açılışında komissiyanın Azərbaycan tərəfdən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Macarıstan tərəfdən isə həmsədr, xarici işlər və ticarət naziri Peter Sijarto iştirak ediblər. Nazir Sahil Babayev Azərbaycan və Macarıstan prezidentlərinin siyasi iradəsi və səyləri nəticəsində iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. Bildirib ki, 2023-cü ildə imzalanmış Birgə Bəyannamə bu münasibətlərin ən yüksək səviyyəyə qalxmasına imkan verib.
Nazir S. Babayev bildirib ki, 2024-cü ilin ilk iki ayında iki ölkə arasında ticarət həcmi əvvəlki ilə nisbətən 40 faizdən çox artıb. Bildirib ki, bu strateji tərəfdaşlıq, dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlər ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsi üçün əlverişli şərait yaradır. Ötən müddətdə Bakıda və Budapeştdə keçirilən 20-yə yaxın biznes forum, işgüzar görüş və digər tədbirlərin əhəmiyyətinə toxunan S.Babayev bildirib ki, bugünkü forumda Azərbaycandan 30-dan çox, Macarıstandan isə 25-ə yaxın şirkət təmsil olunub.
Nazir Peter Sijarto Macarıstan ilə Azərbaycan arasında əlaqələrin daim inkişaf etdiyini və iş adamları arasında əlaqələrin intensivləşdirilməsinin ikitərəfli əməkdaşlığın dərinləşməsi üçün vacib olduğunu bildirib. Sijarto vurğulamışdır ki, keçirilən biznes forumlar bu məqsədə xidmət edir.
Tədbirdə çıxış edən AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanın investisiya potensialı, ölkəmizdə investorlara təklif olunan imtiyazlar barədə məlumat verib. HEPA-nın baş icraçı direktoru Qabor Jenei belə tədbirlərin təşkilinin vacibliyini və əldə olunan müsbət nəticələri vurğuladı. Kiçik və Orta Müəssisələrin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyət istiqamətlərinə, iş adamları arasında əlaqələrin qurulmasına və birgə müəssisələrin reallaşdırılmasına xidmət edən dəstək tədbirlərinə toxunub.
Biznes forumda iş adamları arasında ikitərəfli görüşlər keçirilib, tərəfdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Belə tədbirlərin Azərbaycan və Macarıstan arasında ticarət və investisiya əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyi gözlənilir.