Sahil Babayev erməni təcavüzkarlığı və mülki əhaliyə qarşı terror barədə məlumat verib
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev erməni terroru barədə Dünya Bankının missiyasına məlumat verib: “BMT qətnamələrinə məhəl qoymadan 30 ilə yaxındır ki, torpaqlarımızı işğalda saxlayan Ermənistan Azərbaycana qarşı hərbi təxribatlarını, mülki əhalimizə qarşı yönəlmiş terror siyasətini davam etdirir. 10 Oktyabr tarixində humanitar məqsədlərlə atəşkəs elan olunsa da, Ermənistan həmin razılaşmanı və beynəlxalq hüququn normalarını kobudcasına pozub və cəbhədən kənarda olan və Azərbaycanın ikinci böyük şəhəri – Gəncədə çoxmənzilli yaşayış binalarına “Skad” tipli ballistik raketlə hücum edib”.
Nazir Sahil Babayev erməni terroru nəticəsində içərisində uşaqların və qadınların, yaşlıların da olduğu 10 nəfərin həlak olduğunu, 34 nəfərin isə yaralandığını deyib. O, eyni zamanda vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin sentyabr 27-dən dinc əhaliyə qarşı hücumları nəticəsində 43 mülki şəxs qətlə yetirilib. 214 nəfər yaralanıb, 277 mülki obyekt, 66 çoxmənzilli yaşayış binası və 1505 yaşayış evi yararsız hala düşüb.
Nazir Sahil Babayev erməni tərəfinə qarşı ordumuzun uğurlu əks-hücum əməliyyatları, doğma torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində əldə etdiyi qalibiyyətlər barədə də məlumatlar bölüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüskarlığı və tapşırığı ilə həyata keçirilən özünəməşğulluq proqramından da bəhs edən nazir bu proqramın ölkədə aztəminatlı ailələrin kiçik biznesə çıxışına şərait yaratdğını dilə gətirib. O, cari ildə 12 min ailənin bu proqramın dəstəyi nəticəsində öz kiçik ailə müəssisələrini təşkil etmələri üçün həyata keçirilən işləri vurğulayıb.
Vurğulayıb ki, özünəməşğulluq proqramı Cocuq Mərcanlı kəndini də əhatə edib. Bütün sosial infrastrukturu, daimi suyu, elektrik enerjisi, təbii qazı, asfalt yolları və s. Olan, qısa müddət ərzində müasir və abad bir yaşayış məntəqəsinə çevrilən həmin kənddə 60-a yaxın ailə bu proqrama cəlb olunub. Eyni zamanda cəbhəyanı bölgələrdə özünüməşğulluq proqramının əhatə dairəsi get-gedə böyüyür.
Görüşdə missiyanın üzvləri baş iqtisadçı Maddalena Honorati, Dünya Bankının Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri Sara Maykl, sosial müdafiə üzrə baş mütəxəssis Mirey Ovadiya, baş iqtisadçı Sırma Demir Şeker, əməliyyatlar üzrə baş mütəxəssis Səidə Bağırlı ilə birlikdə layihənin icrasında aöarılan işlər, eyni zamanda qarşıda duran vəzifələr barədə müzakirələr aparılıb.