Sahil Babayev erməni təxribatlarını vebinar iştirakçılarının diqqətinə çatdırıb

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev erməni təxribatları barədə beynəlxalq vebinar iştirakçılarına məlumat verib.

Nazir Sahil Babayev erməni təxribatları barədə iştirak etdiyi “Orta Şərq və Mərkəzi Asiya regionunda inklüziv inkişaf üçün sosial xərclərin rolu” mövzulu seminarda məlumat verib. Bu seminar Beynəlxalq Valyuta Fondunun (BVF) təşkilatçılığı ilə reallaşıb.

Sahil Babayev erməni hücumları nəticəsində Azərbaycana qarşı törədilən növbəti hərbi təxribatlar barədə məlumatları vebinarda iştirak edən Karnegi Orta Şərq Mərkəzinin direktoru Maha Yahyanın moderatorluğu, BVF-nun İdarəedici director müavini Antoinette Sayehin və BMT-nin Qərbi Asiya üzrə İqtisadi və Sosial Kommisiyasının icraçı katibi Rola Daştiniyə çatdırıb.

Nazir Ermənistanın ağır artilleriya silahlarından Azərbaycan silahlı qüvvələrinin mövqelərini, cəbhə xətti boyu yerləşən məntəqələri atəşə tutduğunu, nəticədə mülki şəxslərlə yanaşı, hərbi qulluqçularımızın da həlak olduğunu deyib. Nazir onu da qeyd edib ki, ordumuz düşmənə cavab olaraq uğurlu əks-hücum əməliyyatları həyata keçirir və öz ərazilərində suveren hüquqlarını bərpa edir.

Sahil Babayev Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əhəmiyyət verməyərək 30 ilə yaxındır ki, Azərbaycanın 20% ərazisini işğalı alıtnda saxladığını və bu işğal nəticəsində Azərbaycanda bir milyon qaçqın və məcburi köçkün olduğunu söyləyib. Münaqişənin yalnız beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmalı olduğunu qeyd edib.

Nazir Prezident İlham Əliyevin siyasətinin əsas xəttinin vətəndaş rifahının təminatı olduğunu dilə gətirib. Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdırılması uğrunda apadığı işləri vebinar iştirakçılarının diqqətinə çatıdırıb. Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayev COVİD-19 pendemiyası dövründə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən, əhalinin təqribən 50 faizini əhatə edən ciddi sosial dəstək tədbirlərini də diqqətə çatdırıb. Ölkəmizdə həyata keçirilən sosial islahatlar, büdcə xərclərinin optimallaşdırılması, aktiv məşğulluq və sosial müdafiə proqramlarının, kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi işləri və idarəetmənin təkmilləşdirilməsi barədə də məlumat verib.

Vebinar müddətində Sahil Babayev erməni terrorunu vebinar iştirakçılarının diqqətinə çatdırmaqla yanaşı, həm də ünvanlanan sualları cavablayıb və vebinar zamanı mövzu ilə bağlı müzakirələr aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close